Qədim Azərbaycan diyarı olan Zəngəzur bölgəsinin Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 30 min sakini məcburi köçkün düşərək respublikamızın müxtəlif şəhər və kəndlərində məskunlaşdırılmışdır. Rayon ərazisində mövcud olmuş 7278 fərdi yaşayış evi, 7 məscid, çox sayda sosial obyektlər, körpülər, kənd təsərrüfatı obyektləri ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşib faydalı qazıntılarla zəngindir. Qubadlı rayonu Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan rayonları, eləcə də 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisinin əksər hissəsi dağlıqdır. Rayonun kəndlərinin əksər hissəsi Həkəri və Bərguşad çayları ətrafında yerləşir. Qubadlı rayonunun torpaqları çox münbit və məhsuldardır. Rayonda 79812 hektar torpaq fondu mövcud olmuşdur. Rayonun ərazisi təbii dərman bitkiləri ilə zəngindir. Qubadlı rayonunun kəndlərində mərmərləşmiş əhəng daşı və bir çox qiymətli yataqlar mövcud olmuşdur.
İşğal dövründə Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri Qubadlı rayonunun Xanlıq kəndində qeyri qanuni məskunlaşdırmışdır. Cenevrə Konvensiyasına görə işğal edilən ərazilərdə qanunsuz məskunlaşdırma aparan ölkə cinayət törətmiş hesab olunur. Qubadlı ərazisində Ermənistan ordusu güclü istehkamlar qurmuşdur. Rayonu işğaldan azad etmək uğrunda Azərbaycan Ordusu xüsusi qəhrəmanlıq göstərmişdir. Düşmən yüksəkliklərdə istehkam qurmuşdur və Azərbaycan hərbiçilərini atəş altında saxlayırdı.
Azərbaycan Ordusu ilk olaraq yüksəklikdə yerləşən erməni ordusunun hərbi texnikalarını və canlı qüvvələrini məhv edərək hakim yüksəklikləri ələ keçirdi. Azərbaycan Ordusunun zabit və əsgərlərinin peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi və şəhər tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçdi. Noyabrın 9-na dək Qubadlı şəhəri də daxil olmaqla 41 kəndi işğaldan azad edildi.
2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis olundu. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu "Qubadlının azad edilməsinə görə"medalı ilə təltif edilmişdir.
Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub.
Bu gün Zəngilandan Qubadlıya, Laçına ən müasir tələblərə uyğun yollar çəkilir.
Müharinə bitdikdən dərhal sonra Prezident cənab İlham Əliyev bir neçə dəfə Qubadlıya səfərlər etmiş, burada rayon ictimaiyyəti ilə görüş keçirmişdir və "Qubadlı" yarımstansiyasının, eləcə də Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etmişdir. Qubadlıya növbəti səfərində ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin, Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoymuşdur. Bu gün Qubadlı şəhəri öz tarixi memarlıq üslubunu saxlamaqla dünya şəhərsalma prinsiplərinə uyğun müasir şəkildə yenidən qurulur.
Kamilə Əliyeva,
BDU-nun kafedra müdiri, professor
Ən son xəbərləri səhifəmizdən də izləyin