Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Kişineu şəhərində fəaliyyət göstərən həftəsonu məktəbinin növbəti tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Moldova parlamentinin deputatı Vitalie Jakot, Təhsil və Tədqiqatlar Nazirliyinin Baş katibinin müavini Lyudmila Pavlov, "İon Creangă" Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Luçiya Çepraga, rumın dili üzrə metodik vəsaitlərin və dərsliklərin müəllifi, professor Aleksey Aksan və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Dərslər Moldovanın "İon Creangă" Dövlət Pedaqoji Universitetində yaxşı təchiz olunmuş müasir auditoriyada keçirilir. Azərbaycan icmasının 50-dən çox uşağı burada həmyaşıdları ilə birgə öz ana dilini öyrənir, Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və tarixi ilə tanış olur.
Tədbiri giriş sözü ilə MAK-ın sədri Elçin Bayramov açıb. "Artıq üçüncü ildir ki, mən şagirdlərə məmnuniyyətlə “Xoş gəlmisiniz!” deyirəm. Dünya Azərbaycanlılarının V qurultayında Prezident İlham Əliyev diaspor təşkilatlarına həftəsonu məktəblərini inkişaf etdirməyin vacibliyini vurğulayıb. Ona görə də bizim - MAK-ın borcudur ki, uşaqlarımız Azərbaycanın tarixini, dilini və mədəniyyətini mənimsəyərək böyüsünlər. Mən şadam ki, biz bunu artıq üçüncü ildir ki, bacarırıq", - deyə E.Bayramov bildirib.
Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri Ülvi Baxşəliyev şagirdləri təbrik edib, onları Azərbaycanın Moldovadakı Səfirliyinə ekskursiyaya dəvət edib.
Daha sonra Moldova Parlamentinin deputatı Vitalie Jakot, Təhsil və Tədqiqatlar Nazirliyinin Baş Katibinin müavini Lyudmila Pavlov, eləcə də Pedaqoji Universitetin tədris hissəsi üzrə prorektoru Luçiya Çepraqa çıxış edərək şagirdlərə xoş arzularını çatdırıb.
Professor Aleksey Aksan və Elçin Bayramov uşaqlara Rumın dilini öyrənmələri üçün dərs vəsaiti hədiyyə edib.
Rəsmi açılış mərasimindən sonra ilk zəng çalınıb və dərs başlayıb. İlk dərs Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Məktəbin müəllimi Səidə Səfərova şagirdlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamı və COP29 barədə məlumat verib, qlobal iqlim dəyişikliyi problemindən, bəşəriyyətin iqlim xaosunun qarşısının alınması üçün atılması mümkün addımlardan danışıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin