Bu yaxınlarda təhsil camesinin elmi ziyarətgahı sayılan "Məktəb guşəsi" saytında olduqca maraqlı məqalə ilə qarşılaşdım. Təhsil problemlərini dərindən bilən, sahənin tarixini araşdıran elm adamı Nadir İsrafilovun “Yenilik etmək heç də köhnəni dağıtmaq deyil, onu təkmilləşdirməkdir…” məqaləsi çox diqqətimi çəkdi. Məqalədə müəllif təhsilin üzərinə basmaqəlib "köhnə" və "yeni" etiketinin pərçimlənməsinin yolverilməzliyini önə çəkir, həmçinin qeyd edir ki, bu sahə sadəcə hər zamana uyğun yenilənməlidir. Nadir İsrafilov araşdırmanın sonunda bir daha "təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı qoruyub saxlamaq və daha da inkişaf etdirmək, təhsildə varisliyi və fasiləsizliyi təmin etmək hər birimizin vətəndaşlıq borcudur…" deyə, qeyd edir.
Həqiqətən də təhsilin kökü, məbədi məktəbdir. Cəmiyyət burada yetişir, formalaşır. Çox sevindirici haldır ki, dövlətin hərtərəfli yüksəlişinin əsas təminat nöqtəsi sayılan məktəblərimizdə vətəndaş və müəllim borcunu yerinə yetirən yüksəkixtisaslı kadrlarımız var. Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəb yeni yaranmasına baxmayaraq, köklü təhsil ənənələrinin daşıyıcısı və qoruyucusu kimi uğurla fəaliyyət göstərir. Son illər apardığım qısa müşahidələrim, gördüklərim daxilimdə bu fikirlərin yaranmasına səbəb oldu. Məktəbin ibtidai sinif müəllimi, metodisti Nilufər Mədətovanın şagirdlərinin təhsili və təlimi yolunda mübarizəsi, fədakarlığı alqışalayiqdir. Davamlı öyrənən və öyrədən, təhsilin klassik ənənələrini qoruyaraq müasir və fərqli yanaşmalara açıq olan, hər zaman sahəsində peşəkar inkişafın yollarını araşdırıb tətbiq edən metodist-müəllim kimi şəxsi təşkilatçılıq bacarığı ilə, nəzəriyyəni təcrübəyə daşıyaraq şagirdlərini motivasiya edir, onları sabaha fiziki və mənəvi sağlam hazırlayır.
Zamanın dəyəri, qiyməti nə qədər vacib və əhəmiyyətlidirsə, eləcə də şagird qəlbində rüşeym şəklində cücərən daxili motivasiya da məqsədlərə çatmaq üçün ən ümdə amillərdəndir. Bu sevinci, xoşbəxtliyi bizlərə ötürən müəllim və şagirdlərinə intəhasız mütəşəkkirik. Hələ ibtidai təhsilin ilk pilləsində olmağına və oxumağına baxmayaraq, Miray İsmayılovanın uğurları sevindirici və könülaçandır. O, təhsil aldığı məktəbin önündə və fonunda böyük fəxarətlə dayanıb, elm ocağına və müəlliminə təşəkkürünü qazandığı təltiflə bəyan edir. O, müasir texnologiyanın üstünlüyündən yararlanaraq atasına videoyazı, videomətn şəklində: "Bax, ata, yaxşı oxumuşam deyə" bildirir və əlindəki təltifi açaraq göstərir... "Təltif" sözü həm də "yaxşılıqla könül almaq" mənasındadır. Biz də Tanrıdan öz peşəsini can-dildən sevən, işinə həmdəm olan müəllimlərin hər zaman yaxşı olmasını, könüllərinin sevinməsini arzu edirik.
Əsgər İsmayılov
Ən son xəbərləri səhifəmizdən də izləyin