logo
Ali Məhkəmə bir sıra qərar qəbul edib

Ali Məhkəmə bir sıra qərar qəbul edib

Ali Məhkəmə bir sıra qərar qəbul edib Ali Məhkəmə bir sıra qərar qəbul edib

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərarı açıqlanıb.

innews.media sözügedən qərarı təqdim edir:

“Xarici elementli (sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki və hüquqi şəxslərin iştirak etdikləri) kommersiya mübahisələrinə kommersiya məhkəmələrində baxılarkən həm Azərbaycan Respublikası qanunvericiliyinin, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının nəzərə alınması maddi və prosessual hüquqi məsələlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, məhkəmələr tərəfindən xarici elementli kommersiya mübahisələrinin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Kommersiya mübahisələrində xarici şəxslərin statusu və iştirakının prosessual əsasları

1.1. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - “Konstitusiya”) 69-cu maddəsinin I bəndi və əlaqəli qanunvericilik aktları, xarici fiziki və hüquqi şəxslərin statusunu qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, milli rejim (öz vətəndaşları ilə bərabər hüquq və vəzifələr) əsasında müəyyən edir. Eyni rejim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 439-cu maddəsində də nəzərdə tutulmuşdur. Bu baxımdan nəzərə alınmalıdır ki, xarici şəxslərin prosessual hüquq və vəzifələri Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin prosessual hüquq və vəzifələri ilə eynilik təşkil edir.

1.2. Bununla belə, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları üzrə xüsusi məhdudiyyətlərə yol verən dövlətlərdən olan xarici şəxslərə münasibətdə Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri (retorsiya-xüsusi məhdudiyyət) müəyyən edilə bilər (MPM-in 440.3-cü maddəsi).

1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdə fərqli qayda nəzərdə tutulmamışdırsa, xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən edilir.

1.4. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti:

1) vətəndaşı olduqları dövlətin qanunları ilə;

2) bir neçə vətəndaşlığı olduqda onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə;

3) vətəndaşlığı olmadıqda daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin qanunları ilə;

4) qaçqın olduqda sığınacaq tapdıqları dövlətin qanunları ilə müəyyən edilir (MPM-in 441-ci maddəsi).

1.5. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından xarici fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fərdi sahibkar hesab edilməsi üçün həmin şəxsin müvafiq dövlətdə fərdi sahibkar kimi qeydə alınması zəruridir. Bu baxımdan məhkəmələr xarici fərdi sahibkarın iştirakı ilə mübahisəyə baxarkən ilk növbədə həmin şəxsin müvafiq xarici ölkədə fərdi sahibkar kimi qeydə alınmasını və həmin qeydin qüvvədə olmasını təsdiqedici sənəd(lər)lə müəyyən etməlidirlər.

1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər.

1.7. Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti onların yaradıldığı xarici dövlətin qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən öz ölkəsində prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər (MPM-nin 442.1-ci maddəsi).

1.8. Azərbaycan Respublikasının 1992-ci il 21 iyul tarixində qoşulduğu “Diplomatik əlaqələr haqqında” 1961-ci il aprel 18 tarixli və “Konsulluq əlaqələri haqqında” 1963-cü il 24 aprel tarixli BMT-nin Vyana Konvensiyalarının tələblərinə görə, xarici dövlətlərin diplomatik agentləri və konsulluqların ştatlı vəzifəli şəxsləri olduqları dövlətlərdə kommersiya fəaliyyəti ilə məşğul ola bilməzlər (müvafiq olaraq həmin Konvensiyaların 42 və 57-ci maddələri). Bu baxımdan, həmin şəxslərin kommersiya mübahisələrində iddiaçı, cavabdeh və üçüncü şəxs kimi iştirak etmələri də mümkünsüzdür.

Xarici elementli kommersiya mübahisələrində məhkəmələrin beynəlxalq səlahiyyətinin xüsusiyyətləri

2.1. Məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar.

2.2. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır.

2.3. Azərbaycan Respublikası məhkəmələrinin xarici elementli kommersiya mübahisələrində beynəlxalq səlahiyyəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə də müəyyən edilə bilər. Buraya xüsusi olaraq hüquqi yardımla bağlı ikitərəfli və ya çoxtərəfli (məsələn, ”Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il Minsk və 2002-ci il Kişinyov Konvensiyaları), o cümlədən xüsusi predmet sferasına malik olan (məsələn, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişi) beynəlxalq müqavilələr aiddir.

2.4. Əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır:

- işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması;

- xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması.

2.5. Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir:

- iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması;

- xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması;

- cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması;

- əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi;

- iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi;

- iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi.

2.6. MPM-in 445-ci maddəsində nəzərdə tutulmuş xüsusi icraat işlərindən yalnız bir kateqoriya iş MPM-in 26.2-ci maddəsinin tələbinə əsasən predmet və xarakterinə görə Azərbaycan Respublikasının kommersiya məhkəmələrinin səlahiyyətinə aid ola bilər. Bura itirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı) haqqında ərizələr aiddir.

2.7. Məhkəmələrin xarici elementli kommersiya mübahisəsi üzrə beynəlxalq səlahiyyətinin olub-olmamasına qiymət verilərkən nəzərə alınmalıdır ki, MPM-in 440.1 və 443-cü maddələrində nəzərdə tutulmuş ümumi və xüsusi şərtlərin mövcudluğundan asılı olmayaraq, məhkəmələr MPM-in 444-cü maddəsi ilə onların müstəsna səlahiyyətinə aid edilmiş mübahisələr üzrə səlahiyyətlidirlər. Müstəsna aidiyyət tərəflərin razılaşması ilə dəyişdirilə bilməz.

2.8. Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti).

2.9. Xarici elementli kommersiya mübahisələrində məhkəmələrin qanunla müəyyən edilən beynəlxalq səlahiyyətinin prosessual əsasları yalnız MPM-lə tənzimlənir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu xarici elementli münasibətlərdə tətbiq edilən maddi hüquq normasını müəyyən etdiyindən, məhkəmələrin beynəlxalq səlahiyyətinin qiymətləndirilməsi zamanı həmin Qanuna istinad yolverilməzdir.

2.10. Qeyd olununlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır:

- tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu;

- əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu;

- əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu.

2.11. Xarici elementli mübahisələrə baxılarkən ilk öncə xarici elementin olub-olmaması müəyyən edilməlidir. Mülki dövriyyədəki “xarici element” müəyyən edilərkən nəzərə alınmalıdır ki, “xarici element” aşağıdakı kateqoriyalar baxımından fərqləndirlir:

- Hüquq münasibətinin subyektində ifadə olunan xarici element. Münasibətin iştirakçısı kimi müxtəlif dövlətlərin hüquqi və ya fiziki şəxsləri, yaxud beynəlxalq təşkilat çıxış edir.

- Hüquq münasibətinin obyektində ifadə olunan xarici element. Münasibətin iştirakçıları (subyektləri) Azərbaycan Respublikasının vətəndaşları olan hüquq münasibətinin obyekti xaricdə yerləşdiyinə görə bu münasibət beynəlxalq xarakterli hesab edilir. Digər bir halda Azərbaycan Respublikasında yerləşən xarici şəxslərin əmlakları ilə bağlı xarici şəxslər arasında baş verən münasibət də obyektinə görə beynəlxalq xarakterli hesab edilir.

Kommersiya məhkəmələrinin beynəlxalq səlahiyyəti ilə əlaqədar iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi, iş üzrə icraata xitam verilməsi və ya iddianın baxılmamış saxlanılmasının prosessual əsasları

3.1. Beynəlxalq səlahiyyətlə əlaqədar prosessual məsələlərin həllinə iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsindən etibarən diqqət yetirilməlidir. İddia ərizəsinin icraata qəbulu mərhələsində məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, MPM-in 153.2.1-ci maddəsinə əsasən, həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsınə müraciət hüququ izah edilməlidir.

3.2. Əgər işin icraatı başlandıqdan sonra həmin iş üzrə məhkəmənin beynəlxalq səlahiyyətə malik olmadığı aşkar edilərsə, MPM-in 261.0.1, 262.1 və 262.3-cü maddələrinə uyğun olaraq icraata xitam verilməsinə dair qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsınə müraciət hüququ izah edilməlidir.

3.3. MPM-in 29,32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır.

3.4. İddia ərizəsinin məhkəməyə təqdim olunması və işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi barədə lazımi qaydada məlumatlı olan cavabdehin işə mahiyyəti üzrə baxılmasından sonra verdiyi etirazı nəzərə alınmamalı və icraat ümumi qaydada davam etdirilməlidir.

3.5. Arbitraj şərtinin mövcud olduğu hallarda yuxarıda göstərilən səbəblərdən iddia ərizəsi baxılmamış saxlanılarsa və ya mülki mühakimə icraatı ümumi qaydada davam etdirilərsə, məhkəmə bununla əlaqədar müvafiq əsaslandırma aparmalıdır.

3.6. Tərəflər arasında arbitraj şərtinin mövcud olmasına baxmayaraq, məhkəməyə iddia ərizəsi daxil olduqda, Azərbaycan Respublikasının 1999-cu il 9 noyabr tarixində qoşulduğu "Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyasının 2-ci maddəsinin 3-cü bəndinə və MPM-in 167.1, 167.1.5-ci maddələrinə uyğun olaraq tərəflərin arbitraja müraciət etmək hüququ və bu hərəkətin nəticəsi onlara izah edilməlidir.

3.7. Prosessual qənaət prinsipi baxımından kommersiya məhkəməsinin beynəlxalq səlahiyyəti müəyyən edilmədən, iddia ərizəsinin MPM-in 149 və 150-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanıla bilməz. Əgər məhkəmənin işə baxmaq üçün beynəlxalq səlahiyyəti varsa, lakin iddia ərizəsi MPM-in 149 və 150-ci maddələrinin tələblərinə cavab vermirsə, iddia ərizəsinin geri qaytarılması barədə qərardadda ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı hüquqi əsaslandırma aparılmalı, yalnız bundan sonra iddia ərizəsinin geri qaytarılmasına dair mövqe bildirilməlidir.

Xarici elementli mübahisələrdə xarici ölkələrdə verilmiş rəsmi sənədlərə dair tələblər

4.1. Xarici elementli mübahisələrə baxılarkən, müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir.

4.2. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə, hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması.

4.3. Xarici elementli mübahisələrdə apostil edilməsi tələb olunan rəsmi sənədlərin dairəsi, Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixində tərəfdar çıxdığı “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyası (bundan sonra - mətndə Konvensiya) ilə müəyyən edilmişdir. Sənədlərin apostil edilməsi həmin Konvensiyaya üzv olan dövlətlərdə verilmiş sənədi imzalamış şəxsin imzasının, habelə lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini, bu şəxsin kim qisimdə çıxış etdiyini təsdiq edir.

4.4. Konvensiyanın tələbinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən şəhadətnamənin əlavə edilməsidir. Şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, onu verən orqanın rəsmi dilində tərtib edilə bilər.

4.5. Konvensiyanın 1-ci maddəsinin müvafiq yarımbəndlərində nəzərdə tutulan aşağıdakı sənədlərin apostil edilməsinə diqqət yetirilməlidir:

- dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər üzrə məhkəmə aktları (qətnamə, qərardad, hökm və qərar), məhkəmə tapşırıqları, icra qeydi, icra vərəqəsi (“a” yarımbəndi);

- inzibati sənədlər üzrə - inzibati orqanların və bələdiyyələrin sərəncamları, qərarları, inzibati orqan və bələdiyyə rəhbərlərinin əmrləri, inzibati orqanlar tərəfindən verilmiş şəhadətnamələr, lisenziyalar, icazələr, mülkiyyət, doğum, ölüm və sair faktlar haqqında şəhadətnamələr, digər hüquqmüəyyənedici sənədlər (“b” yarımbəndi);

- notarial aktlar üzrə notarial qaydada rəsmiləşdirilən və verilən bütün sənədlər (“c” yarımbəndi);

- özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər) (“d” yarımbəndi).

4.6. Konvensiya ilə diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərin, eləcə də kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərin apostil edilməsi nəzərdə tutulmamışdır.

4.7. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barədə verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilir (MPM-in 457-ci maddəsi).

4.8. Konsul leqallaşdırması sözügedən Konvensiyaya üzv olmayan dövlətlərdə verilmiş sənədlərdəki imzaların həqiqiliyini, bu sənədin konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etmək üçün həyata keçirilir. Sənədlərin apostil edilməsinə nisbətən konsul leqallaşdırması daha uzunmüddətli prosedur olaraq bir neçə qurumun təsdiqini zəruri edir; sənədin təqdim olunması nəzərdə tutulmuş xarici dövlətin diplomatik və konsulluq idarələri tərəfindən təsdiq edilməsi üzrə formallıqların həyata keçirilməsini nəzərdə tutur.

4.9. Sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrdə də müvafiq qaydaların müəyyən edilməsi mümkündür. Belə ki, 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında imzalanmış "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın 43-cü maddəsinə əsasən, etibarnamənin forması və müddəti onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Bu cür etibarnamə ərazisində istifadə ediləcək Razılığa gələn Tərəfin dilinə, yaxud rus dilinə notarial qaydada təsdiqlənmiş tərcümə ilə birlikdə Razılığa gələn digər Tərəflərin ərazilərində hər hansı bir xüsusi təsdiq tələb etmədən tətbiq ediləcəkdir.

4.10. Bundan başqa, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələbi baxımından etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Bu baxımdan, etibarnamə onun verildiyi ölkənin hüququ ilə tələb olunan formaya uyğun verilmişsə etibarlı hesab edilməlidir.

Xarici elementli mübahisələrdə tətbiq edilməli maddi hüququn seçilməsi, həmin mübahisələrdə tətbiq edilən xarici maddi hüququn məzmununun məhkəmələr tərəfindən müəyyən edilməsi

5.1. Xarici elementli mübahisələr xarici elementli mülki dövriyyədən yarandığından mübahisənin düzgün həlli üçün hansı dövlətin (Azərbaycan Respublikasının və ya müvafiq xarici dövlətin) maddi hüququnun tətbiq edilməsi düzgün müəyyən edilməli, bu zaman beynəlxalq xüsusi hüququn tələblərinə əməl edilməlidir.

5.2. Beynəlxalq xüsusi hüquq xarici elementli mübahisələrdə münasibətin hansı dövlətin hüquq sisteminə tabe olmasını iki metodla müəyyən edir: 1) kollizion hüquqi metod; 2) maddi hüquqi metod. Həmin metodlara uyğun olaraq, beynəlxalq xüsusi hüquq normaları da iki qrupa bölünür: 1) kolliziya hüquq normaları; 2) xüsusi təyinatlı maddi hüquq normaları.

5.3. Beynəlxalq xüsusi hüquqda eyni münasibəti tənzimləyən müxtəlif milli hüquq sistemlərinə mənsub hüquq normaları arasında kolliziya yaranır. Həmin münasibətin tənzimlənməsi üçün ilkin olaraq onlardan birini seçmək zərurəti meydana çıxır. Məsələ kollizion hüquq normalarının tətbiqi ilə həll edilir. Bu baxımdan, münasibəti mahiyyət etibarı ilə tənzimləməkdən ötrü ilkin olaraq məhz kolliziya məsələsini həll etmək lazım gəlir.

5.4. Kolliziya hüquq normaları dövlətdaxili qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzərdə tutula bilər. Azərbaycan Respublikasının qanunvericiliyində kolliziya hüquq normaları əsasən 2000-ci il 6 iyun tarixində qəbul edilmiş “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır.

5.5. Kolliziya hüquq normalarından fərqli olaraq xüsusi təyinatlı maddi hüquq normaları xarici elementli xüsusi hüquq münasibəti iştirakçıları üçün bilavasitə davranış qaydası yaradır. Belə normalar kollizion mərhələdən yan keçərək birbaşa tətbiq edilir. Məsələn, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin “Tətbiq edilən hüquq” adlanan XXVI fəslində ticarət gəmiçiliyindən yaranan xarici elementli münasibətlər tənzimlənərkən hansı dövlətin hüquq normalarının tətbiq edilməsi birbaşa müəyyən edilmişdir.

5.6. Mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi).

5.7. Tətbiq edilməli olan maddi hüququn seçilməsinə dair tərəflərin razılığı ayrıca müqavilə formasında və ya hər hansı müqavilənin şərtlərindən biri kimi ifadə edilə bilər.

5.8. Mübahisə tərəfləri yazılı ifadə olunmuş razılaşmada aralarında yaranan konkret mübahisənin hər hansı xarici ölkənin maddi hüququ əsasında həllini nəzərdə tutmuşlarsa, həmin ölkənin qanunu tətbiq edilməlidir (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi).

5.9. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.

5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.

5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olduğundan, tərəflərin bildirməsindən asılı olmayaraq, “jura novit curia” - “məhkəmə hüququ bilir” prinsipi əsas götürülərək xarici elementli mübahisəni tənzimləyən, xarici maddi qanunun tətbiqinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin olub-olmaması araşdırılmalıdır.

5.12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müvafiq münasibətə tətbiq edilməli maddi hüquq norması mövcuddursa, belə münasibətlərin tənzimlənməsi məqsədilə kolliziya normasına istinad istisna olunur. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinin tələblərindən irəli gəlir.

5.13. Eyni məsələni tənzimləyən bir neçə beynəlxalq müqavilə mövcud olduğu halda (misal üçün hüquqi yardım ilə əlaqədar), hansının üstünlüyə malik olması müəyyən edilərkən, Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixində qoşulduğu 1969-cu il 23 may tarixli “Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyası”nın eyni məsələyə aid olan ardıcıl surətdə bağlanmış müqavilələrin tətbiqi qaydasını nizamlayan 30-cu maddəsinin tələbləri əsas götürülməlidir.

5.14. “Xüsusi qanun ümumi qanunu üstələyir” prinsipinə əsasən ümumi normaları nəzərdə tutan beynəlxalq müqavilələr xüsusi normaları müəyyənləşdirən beynəlxalq müqavilələrə nisbətdə tətbiq üstünlüyünə malik deyildir. Belə yanaşma yalnız xüsusi norma müəyyənləşdirən beynəlxalq müqavilənin özündə başqa qaydanın nəzərdə tutulması halında istisna olunur və onun tətbiqinin nə müqavilələrin qəbul edilmə tarixindən, nə də müqavilə tərəflərinin sayından asılılığını nəzərdə tutur. Konkret məsələ üzrə iki beynəlxalq müqavilənin rəqabəti zamanı üstünlüyün hansı müqaviləyə verilməsinin müəyyən edilməsi üçün həmin müqavilələrin məzmununa diqqət yetirilməli, tərəflər üçün daha xüsusi hüquqi rejim müəyyən edən beynəlxalq müqaviləyə üstünlük verilməlidir.

5.15. Beynəlxalq ticarət adətləri beynəlxalq təcrübədə uzun illər ərzində formalaşmış elə davranış qaydalarıdır ki, beynəlxalq hüquq subyektləri onları hüquqi baxımdan hamılıqla qəbul edirlər. Belə adətlərə daha çox beynəlxalq ticarət dövriyyəsində, beynəlxalq pul hesablaşmalarında, beynəlxalq ticarət gəmiçiliyində müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri arasında sahibkarlıq sahəsində yaranan münasibətlərdə rast gəlinir.

5.16. Məhkəmə beynəlxalq ticarət adətlərini aşağıdakı əsaslarla tətbiq edə bilər:

- daxili qanunvericilikdə nəzərdə tutularsa (Məsələn: Ticarət Gəmiçilik Məcəlləsi, maddə 224 və s.);

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutularsa (Məsələn: “Malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında” 1980-ci il Vyana Konvensiyası, maddə 9);

- Mübahisə tərəflərinin müqaviləsində bu adətlərə istinad edilərsə və ya müvafiq sahibkarlıq münasibətləri sferasında konkret davranış qaydası artıq adətə çevrilibsə (lex mercatoria - ticarət adəti hüququ).

5.17. Xarici elementli mübahisələrdə beynəlxalq ticarət adətləri tətbiq edilərkən bu adətləri təsbit edən aşağıdakı sənədlərin: “Ticarət terminlərinin unifikasiyalaşdırılmış şərhi üzrə Beynəlxalq Qaydalar” (İNKOTERMS), “Sənədli akkreditivlər üçün unifikasiya edilmiş qayda və adətlər”, “İnkasso üzrə unifikasiya edilmiş qaydalar”, “Müqavilə qarantiyaları üzrə unifikasiya edilmiş qaydalar”ın və s. tələbləri nəzərə alınmalıdır.

5.18. Beləliklə, xarici elementli mübahisəyə hansı dövlətin maddi hüququnun tətbiq edilməli olduğu müəyyənləşdirilərkən aşağıdakı ardıcıllığa əməl edilməlidir.

- mübahisəyə hansı ölkənin maddi hüququnun tətbiqi ilə bağlı tərəflər arasında bağlanmış ayrıca yazılı razılaşmanın (müqavilə, saziş və s.) və ya razılaşma şərtinin, yaxud Azərbaycan Respublikası qanununun tətbiqi barədə məhkəməyə ünvanlanan aydın iradə ifadəsinin mövcudluğu;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilənin, yaxud uzun illər ərzində formalaşmış beynəlxalq adətlərin mövcudluğu;

- Azərbaycan Respublikasının mübahisəli münasibətləri tənzimləyən və hansı ölkənin qanununun tətbiq edilməli olmasını müəyyən edən sahəvi qanunlarının mövcudluğu;

- “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş kolliziya hüquq normalarının mövcudluğu.

5.19. Tətbiq edilməli olan xarici hüququn məzmununun müəyyən edilməsi xidməti vəzifəsinə görə (ex officio) məhkəməyə aiddir. Xarici elementli mübahisələrdə tətbiq edilməli xarici hüququn məzmunu məhz müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməlidir. Xarici hüququn məzmununun müəyyən edilə bilmədiyi aşağıdakı hallarda məhkəmə dövlətdaxili hüququ (lex fori) tətbiq edir:

a) xarici qanunun məzmununun müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə verməsin;

b) yaxud bu tədbirlər həddən çox xərc tələb etsin; c) mübahisə tərəflərindən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquq normalarını təsdiqləyən sənədləri təqdim edə bilməsin.

5.20. Müvafiq ölkədə rəsmi təfsir və tətbiq praktikası müəyyənləşdirilərkən, həmin ölkədə aidiyyəti dövlət və peşəkar qurumların, o cümlədən elmi tədris müəssisələrinin və ya peşəkar hüquqşünas alimlərin rəylərinin alınmasına üstünlük verilə bilər.

5.21. Ələt azad iqtisadi zonasında mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının aparılması zamanı “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınır (MPM-in 1.6-cı maddəsi). Bu baxımdan, hazırkı Plenum qərarı ilə müəyyən edilən izahlar “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 25, 26) tələbləri baxımından Azad Zonada mübahisələrə baxılmasını və onların həllini təmin edən qurumların yurisdiksiyasına aid olan kommersiya mübahisələrinə şamil edilmir.

5.22. Hazırkı Plenum qərarı ilə verilmiş izahlar mülki mübahisələrin xüsusiyyətləri, habelə inzibati məhkəmə icraatının prinsipləri nəzərə alınmaqla, həmin işlər üzrə məhkəmə icraatlarında da tətbiq oluna bilər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media