logo
Toxum alarkən diqqətli olun - Sədr açıqlama verdi

Toxum alarkən diqqətli olun - Sədr açıqlama verdi

Toxum alarkən diqqətli olun - Sədr açıqlama verdi Toxum alarkən diqqətli olun - Sədr açıqlama verdi

Sahəyə yüksəkkeyfiyyətli toxumların səpilməsi məhsuldarlığın artırılmasında mühüm şərtdir. Toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Sahədən qəbul olunmuş toxum materialını səpinə hazırlayarkən onun təmizlənməsi, qurudulması, sortlaşdırılması və dərmanlanması işləri ardıcıllıqla yerinə yetirilməlidir.

Bu fikirləri AZƏRTAC- a Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva deyib.

Onun sözlərinə görə, bioloji xüsusiyyətlərinə görə torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış taxıl sortlarından istifadə məhsuldarlığı xeyli artırır. Ona görə də taxıl əkininin yerli torpaq-iqlim şəraitinə uyğun sortlarla keçirilməsi daha məqsədəuyğundur. Əkiləcək torpaq sahələrinin təsnifatına, həmçinin sələfinə görə düzgün seçilməsi də məhsuldarlığın artmasına təsir göstərən amillərdəndir.

Assosiasiya sədri bildirib ki, toxumlar sortluq və əkin keyfiyyətlərinə görə qiymətləndirilir. Sortluq keyfiyyəti dedikdə sortun özünəməxsus əlamət və keyfiyyəti nəzərdə tutulur. Səpin keyfiyyətinə isə təmizliyi, cücərməsi, cücərmə enerjisi, rütubətliliyi, 1000 dənin çəkisi, ziyanverici və xəstəliklərə davamlılığı kimi amillər daxildir. Toxumların təmizliyi əsas bitki toxumlarının analiz üçün götürülmüş toxum çəkisinə nisbətən qarışıqların çəkisi ilə xarakterizə olunur. Standarta görə, əsas bitki toxumunun təmizliyi 97 faizdən az olmamalıdır.

Toxumlar səpin keyfiyyətinə görə kateqoriyalara bölünür. Məsələn I sinfin təmizliyi 99 faiz, cücərməsi 95 faiz, II sinfinki 98 faiz və 92 faiz, III sinfinki 97 və 90 faiz.

Əkin keyfiyyətinə görə I, II və III sinfə aid toxumlar kondisiyalı toxumlar adlanır.

Toxumun dərmanlanması mütləq və zəruri tədbirlərdəndir. Onun bütün şəxsi təsərrüfatlarda həyata keçirilməsi vacibdir. Dərmanlanma zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Toxumların cücərmə qabiliyyəti də yüksək olmalıdır. Cücərmə qabiliyyəti 85 faizdən aşağı olan toxumlar səpin üçün yararsız sayılır. Toxumların rütubətliliyi quru toxumun çəkisinə nisbətən faizlə ifadə olunur.

Azərbaycan Toxumçular Assosiasiyası fermerlərə çağırış edərək bildirir ki, yüksək məhsul əldə etmək üçün, ilk növbədə, düzgün toxum seçimi, toxumun təmizliyi, cücərdilmə qabiliyyətinin yüksək olması, həmçinin sertifikatlı olması əsas şərtlərdən biridir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media